Atalar hər bir sözü dərhal, ani, hansısa bir təsadüfi hadisə ilə bağlı deməyib.  Min illərlə sınaqdan çıxarıb, dəqiqliyinə tam əmin olduqdan sonra hansısa bir kəlamın möhürünü qoyublar. Xalq tərəfindən tam təsdiq olunduqdan sonra atalar sözünə çevrilib. Yüzlərlə təsdiq olunmuş atalar sözündən min illərdir ki, hər gün, hər birimiz yeri gələndə istifadə edirik.  Bəli, bir çox məqamlarda atalar sözü  hər hansısa düşdüyümüz çətin vəziyyətdə, mübahisəli söhbət zamanı bizi arzu olunmaz vəziyyətdən çıxarıb. Atalar sözü ilə böyük problemlər həll edilib, qan yatırılıb, insan taleləri həll edilib. Bir sözlə, bu kəlamlar istənilən situasiyada, necə deyərlər, dadımıza çatıb.

Gözəl atalar sözlərimiz var, məsələn:

 Adam var ki, adamların naxşıdır,

 Adam var ki, eşşək ondan yaxşıdır.

Adam var ki, dindirəndə xoş olur,

Adam da var dindirməsən yaxşıdır.

 

Aydın, səlist, bu gün də aktual olan, dünya durduqca mahiyyətini itirməyəcək bir misal. Gün ərzində çox insanla ünsiyyətdə olduqda, hansısa bir məqamda istər-istəməz bu məsəl dilimizə gəlməsə də fikrimizdən keçir.

Yaxud “çörəyi dizinin üstündə olan adam”.

Yaxşı yadımdadır, ulu öndər Naxçıvan Ali Məclisinin sədri olarkən Milli Məclisin iclaslarında iştirak edəndə, vaxtılə onun paltosunu tutmaq üçün növbəyə duranlar tribunaya qalxıb ağzı köpüklənərək onun ünvanına çəfəngiyat yağdırırdırlar. Onun çörəyini yeyib quduran digər insanlar isə ayaqlarını  yerə döyərək  H. Əliyevi mənən sındırmağa çalışırdılar. Bu zatı qırıq insanların aqibəti də “yaxşı”oldu…

Belə bir kəlam da var: ”çörəyimin duzu yoxdur”.  Mahiyyətini itirib?  Əsla yox. Əlimizə vəzifə düşür, onlarla dosta, qohuma əl tutub, kömək edirik, işlərini aşırırıq. Amma işdən çıxıb yaşlandıqdan sonra, deyirlər ki, “sən mənə neyləmisən”. Sənin pulunla inkişaf etmiş ünsürlər səni haqsız çıxaranda tüstün təpəndən çıxır. Fikirləşirsən ki,  “bu soyuq qanları neylərdin ilahi”.

Atalar sözləri ilə bağlı məzəli məqamlar da olub. AzTV-də işləyirdim. 40 yaşım tamam olduğu gün, məndən yaşca kiçik olan Baş redaktorum İlqar Paşazadə bu münasibətlə məni təbrik etdi.

“Sağ əlim başına” deyib otaqdan çıxdım. Axşam çəkilişdən qayıtdıqdan sonra şöbə müdürü Sevinc İsmayılova gülümsəyərək mənə yaxınlaşdı.

“Ay Rza, Baş redaktor səndən inciyib”.  “Nə olub?“ – deyə soruşdum. Sevinc dedi ki, İlqar səndən mənə giley etdi. Mən onun ad gününü təbrik etdim, o isə “sağ əlim başına” dedi.  Rza mənim başıma qapaz vurur bəyəm?

Qəşş edib güldük Sevinclə birlikdə. Sevinc “narahat olma, izah etdim, başa saldım” – deyib getdi.

Bəli, kəlamlarla bağlı bu cür maraqlı əhvalatlar da olur, sadəcə olaraq İlqar rus dillidir.

Daha bir kəlam xoşuma gəlir: Erməni deyir ki, “müsəlmanın sonrakı ağlı”. Bəli, səhv edirik, oturub gözləyirik və  ermənilərin şirin dilinə aldanıb problemə düşürük. Sonra da oturub fikirləşirik ki, gərək ermənilərin fətvasına uymayaydıq. Düşməndən heç vaxt dost olmaz. Sonrakı peşmançılıq isə fayda vermir. Bu da atalar sözüdür.

Qəribə burasıdır ki, bəzən altmış-yetmiş yaşında insan kiməsə əsəbləşib, mübahisə edəndə  “erməni bu millətdən yaxşıdır” – deyir. Dəfələrlə eşitmişəm, hamı eşidib. Bu sözləri  ”ağsaqallardan” eşidən gənc nəsil isə fikirləşir ki, bəlkə həqiqətən də, erməni yaxşı millətdir. Elələrinə deyirəm, ə köpək oğlu, erməni sənin dədəndən, babandan yaxşı ola bilər.

Qəribə atalar sözləri də eşitmişəm:

“Erməniyə dayı de, işinin xatirinə görə”.

Vallah, bu, nə mentalitetimizə, nə millətimizə, nə də xarakterimizə yaraşır.

Yaxud “dal öpməklə ağız murdar olmaz”. Bunu heç şərh etməyi lüzum bilmirəm. Bircə onu bildirmək istəyirəm ki, bunu kimin atası deyibsə, deyəsən “kayf”da olub.

Çox dərinə getməyəcəyəm. Atalara qurban olum. Amma gəlin, bu kəlamların ağlı başında deyilənlərindən istifadə edək.  Daha araqdan vurub kiminləsə dalaşanda “erməni bu millətdən yaxşıdır” deyən ”ata”nın dərhal ağzından vuraq ki, bir də belə qələt eləməsin.

Susmayın!!! Sonda belələrinin dediyi də atalar sözünə çevrilə bilər.

Rza Pənah

Xaber.org

PAYLAŞIN: