Toğrul İsmayıl: “Bir professorun davranışı Türkiyə millətini, dövlətini əks etdirməz, o fərdin özünü əks etdirər”

Türkiyənin Uludağ Universitetində Azərbaycan bayrağına sayğısızlıq edilməsi məsələsi gündəmdən düşmür. Ali məktəbin ilahiyyat professoru Salih Payın Ermənistan bayrağının universitetin bayraqları sırasından çıxarılmasını əsas gətirərək, Azərbaycan bayrağının endirilməsi barədə verdiyi qərara ölkəmizdən sərt təpkilər var. Mətbuat və sosial şəbəkələrdə professorun sərt şəkildə cəzalandırılması tələb olunur.

Xüsusilə son zamanlar Türkiyədə hər iki ölkə arasındakı qardaşlıq əlaqələrinə xələl gətirmək üçün bu cür təxribatçılıq hallarının artması ciddi narazılıq doğurub. Qeyd edək ki, Uludağ Universitetində bayrağımızla bağlı anlaşılmazlıq aradan qaldırılıb.

Modern.az saytı məsələ ilə bağlı Azərbaycan Təhsil və Kültür Dərnəyinin sədri Aygün Həsənoğlu ilə əlaqə saxlayıb. O,  məsələnin həll edildiyini deyib:

“Türkiyədə hansısa yerdə Azərbaycan bayrağının endirilməsi, Türkiyə dövlətinin və xalqının mövqeyi deyil. Bu, universitet rəhbərinin hansı əqidənin sahibi olması ilə bağlıdır.

Sovet sistemindən çıxmışıq deyə hansısa ölkədə kimsə nəsə bir neqativ iş görəndə dərhal dövlətin adına yazırıq. Halbuki sosial şəbəkələrdə Türkiyə dövlət başçısının ünvanına aşağılayıcı fikirlər söylənilir. Bu isə təbii ki, Azərbaycan dövlətinin mövqeyi deyil. Ona görə də universitet rəhbərinin hərəkəti qəbuledilməzdir və bunun qarşısı alındı. Bayraq yerinə qaytarıldı”.

 

PAYLAŞIN: