Arzu Nağıyev: “Bu, tək Azərbaycan üçün deyil, həm də region üçün problemdir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti arasında dini ekstremizmə qarşı mübarizənin 2018-ci il ərzində də davam etdirilməsi məqsədilə Tədbirlər Planı imzalanıb. Mətbuata verilən məlumata görə, Tədbirlər Planında dini ekstremizmə və onu doğuran səbəblərə qarşı birgə mübarizənin aparılması, bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında koordinasiya işinin təşkili məqsədilə respublikanın bütün bölgələri əhatə olunmaqla, seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulub. İctimaiyyət nümayəndələrinin də cəlb olunacağı bu tədbirlərdə Azərbaycan Respublikasında mövcud dövlət-din münasibətləri, bu sahədəki təhdidlər, eləcə də dini ekstremizmin yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları, ölkəmizdəki multikultural mühit və tolerantlıq ənənələri, müxtəlif dinlər və məzhəblər arasında əməkdaşlığa dair mövzularda geniş fikir mübadiləsinin aparılması planlaşdırılır.

Təbii ki, hazırda dünyada tüğyan edən dini ekstremizmə qarşı önləyici tədbirlərin görülməsi təqdirəlayiqdir. Lakin suallar yaranır ki, Azərbaycanda dini ekstremizm təhlükəsi nə dərəcədə ciddidir?

Arzu Nağıyev ile ilgili görsel sonucu

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a danışıb: “Bu, tək Azərbaycan üçün deyil, həm də region üçün problemdir. Həmçinin bu məsələlər sərhədlərdən çox da uzaqda olmayan ərazilərdə özünü çox qabarıq şəkildə büruzə verir. Hətta Rusiya  xüsusi xidmət orqanlarının nümayəndələri dəfələrlə MDB məkanında müəyyən problemlərin yarana biləcəyi ehtimalı ilə bağlı bəyanatlar veriblər. Dini ekstremizmlə məşğul olan və bundan istifadə etməklə terror təşkilatlarına üzv olan qruplaşmalar öz adını  dəyişsə də, məramı, məqsədi dəyişmir. Məhz xüsusi xidmət orqanlarının da qarşısında dayanan əsas məsələ bu problemlərin qarşısını almaq, daha doğrusu, əvvəlcədən məlumat toplayaraq bu istiqamətdə müvafiq addımlar atmaqdır.  Düşünürəm ki, dünyada tüğyan edən dini ekstremizmlə  bağlı mübarizə aparmaq labüddür.

Lakin bu  demək deyil ki, bu problem Azərbaycanda böyük vüsət alıb. Sadəcə, qabaqlayıcı məlumatların alınması, maarifçilik işinin davam etdirilməsi, eyni zamanda erməni terrorunun baş alıb getdiyi  yerdə bu cür addımların atılması təqdirəlayiqdir”.(Yeni Müsavat)

PAYLAŞIN: