Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində böyük uğurlara nail olub. Xaber.org Milli.Az -a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib. Dövlətimizin başçısı qeyd edib: “İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir və düşünürəm ki, bu istiqamətdə böyük uğurlara nail olmuşuq. Neftin qiymətləri kəskin azalan zaman mən bildirdim ki, Azərbaycan üçün postneft dövrü artıq başlayıb və biz neft və qazı yaddan çıxarmalıyıq. Əlbəttə, biz hazırkı layihələri yerinə yetirməliyik, lakin əsas gəlir mənbəyi kimi texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatına yönəlməliyik. Ona görə də biz ciddi islahatlar həyata keçirdik və artıq bu islahatlar yaxşı nəticələr göstərməkdədir”. Prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycanın qeyri-neft sektorunda 3 faiz artım, qeyri-neft sənayesində isə, demək olar, 4 faiz artım qeydə alınıb: “Bildirmək istəyirəm ki, iqtisadiyyatımızın şaxələndirilməsi prosesi artıq gedir və bizim bu tempi azaltmaq planımız yoxdur. Hazırda neftin qiyməti artır, lakin bu bizə sadəcə ehtiyatlarımızı artırmağa imkan verəcək. Biz xərclərimizi optimallaşdıra bildik. Ötən il neftin qiyməti azalsa da, ehtiyatlarımızı 4,5 milyard dollar artıra bildik. Bu o deməkdir ki, neftin qiyməti aşağı olsa belə, biz təhlükəsizliyimizi təmin etmişik”. Dövlət başçısı qeyd edib ki, bu il dövlət büdcəsində neftin baza qiyməti 1 barelə görə 45 dollardan nəzərdə tutulub: “Beləliklə, bu qiymətdən yuxarı nə olsa, suveren fonumuza gedəcək. Eyni zamanda, başa düşməliyik ki, neft və qaz iqtisadiyyatımızın əsas hissəsi olaraq qalacaq. Bu gün qeyri-neft sektoru bizim ÜDM-in 70 faizini təşkil etsə də, vəzifəmiz ixracı şaxələndirməkdir”. Enerji layihələrinə gəldikdə isə, Prezident İlham Əliyev qeyd edib ki, onlar Azərbaycan və region üçün vacibdir və Azərbaycanın təşəbbüskarı olduğu bu layihələr regionun enerji xəritəsini dəyişib: “Gürcüstanın Supsa limanına uzanan, Xəzər və Qara dənizi birləşdirən ilk boru xəttini çəkdik, daha sonra ikinci neft boru xətti Bakı-Tbilisi-Ceyhan Xəzər və Aralıq dənizlərini birləşdirdi. Sonra eyni marşrut boyunca qaz boru xətti inşa etdik. Nəticədə biz artıq karbohidrogenlərimiz üçün ixrac marşrutlarını diversifikasiya etmişik, həm də tərəfdaşlarımızın, o cümlədən Avropada, əhəmiyyətli enerji təhlükəsizliyini təmin edirik”. Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqının bəzi ölkələri neft tədarükünün çox hissəsini Azərbaycandan alırlar və 2-3 il ərzində “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla başa çatmasından sonra onlar Azərbaycan qazına da çıxış əldə edəcəklər. “Eyni şeyləri Bakı-Tbilisi-Qars nəqliyyat layihəsi haqqında da demək olar, hansı ki həmin dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu, hazırda Çindən Avropaya kimi ən qısa yoldur və əvvəlki 30-35 gün əvəzinə bu yola iki həftə sərf olunur. Beləliklə, bu, yeni bir nəqliyyat xəritəsi, yeni bir şaxələndirmə xəritəsidir və dənizə çıxışı olmayan Azərbaycan regional nəqliyyat qovşağına çevrilib. Beləliklə, gələcəkdə nə neft, nə də qaz olmayacaq, bunlar bir gün bitəcək, gələcəkdə innovasiya, səmərəlilik, yaxşı idarəetmə, menecment, nəqliyyat, şəffaflıq və sahibkarlıq üçün dövlət dəstəyi olacaq”. Prezident İlham Əliyev qeyd edib ki, bir neçə il əvvəl Azərbaycanın əsas məqsədlərindən biri yoxsulluq və işsizliyi azaltmaq idi və bu uğurla həyata keçirildi: “Azərbaycanda yoxsulluğun səviyyəsi 5,4 faizə düşüb, işsizlik isə 5 faizdir. Son 15 ildə əhalimiz 1,5 milyon nəfər artıb, ona görə də iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Ötən il 177 yeni daimi iş yeri açılıb. Bu bizim siyasətimizi nümayiş etdirir. Bundan əlavə, neft-qaz sektoru çox iş yeri yaratmır. İşsizliyi aşağı səviyyədə saxlamaq üçün təhsil, idarəetmə, kənd təsərrüfatı, turizm və xidmət sahələrini diqqətdə saxlamalıyıq. Bizim əhali islahatlara hazırdır və islahatlar əhali tərəfindən müsbət şəkildə qəbul olunur. Onlar ağrılı deyil, çünki radikal islahatlar apararkən, ilk mərhələdə əhali üçün ağrılı olur. Beləliklə, hələ də dövlət dəstəyinə ehtiyacı olanlara əhəmiyyətli sosial paket verdik. Ona görə də, bu düzgün bir proses idi və önümüzdəki illərdə biz sadəcə iki il bundan əvvəl başlamış olduğumuz işi – çox dərin və əhatəli islahat siyasətimizi davam etdirməliyik”. Post Views: 551 PAYLAŞIN: Yazı naviqasiyası Türk pilotdan hərb tarixinə düşəcək ugur : 30 saniyə ərzində… Ərdoğanla Putin arasında telefon danışığı olub