Azər Həsrət: “Ermənilərin bu əndişəsi onların qul psixologiyasından qaynaqlanır” Elçin Mirzəbəyli: “Bakı ilə Rusiya arasında münasibətlərin inkişafı ilə yanaşı, Ankara ilə Moskva arasındakı əlaqələrin yüksəlişi də İrəvanı narahat edən məsələlərdəndir”
“Azərbaycan Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. Erməni tərəfi isə bu açıqlamalardan narahat olub.
Qeyd edək ki, son illər Bakı ilə Moskva arasında münasibətlər əhəmiyyətli səviyyədə inkişaf edib. Bunun nəticəsidir ki, Azərbaycan Rusiyanın silah ixracatında mühüm yer tutur. Həmçinin Azərbaycanın apardığı təbliğat sayəsində indi Rusiyada ölkəmizə maraq artıb. Rusiya hazırda öz forpostu olan Ermənsitana deyil, Azərbaycanla əlaqələri gücləndirməyə daha çox önəm verir.
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Rusiyanın Azərbaycanı özünə vacib strateji tərəfdaş qismində görməsindən İrəvanın qorxuya düşməsi onların qul psixologiyasından irəli gəlir: “Ermənistanın Rusiyanın Azərbaycanı özünə vacib strateji tərəfdaş kimi təqdim etməsindən əndişələnməsi onların qul psixologiyasından qaynaqlanır. Qul psixologiyasında belə bir məqam var.
Onlar istəmirlər ki, ağaları onlardan başqa kiməsə könül salsın, özlərindən əlavə digərlərini öz qulu kimi görsün. Ona görə də Ermənistan Azərbaycanla Rusiya arasındakı münasibətlərin daha isti olacağı və bu fonda da ermənilərin birdən unudulacağından narahatdır. Amma onlar bir şeyi unudur ki, azərbaycanlılarda ermənilərdən fərqli olaraq qul psixologiyası yoxdur. Azərbaycan heç zaman heç kimin qulu olmayıb və bundan sonra da olası deyil. Sadəcə olaraq, ermənilər öz qul statuslarını itirə biləcəklərindən narahatlıq keçirdiklərindən bu cür əndişə içindədirlər.
Rusiya rəsmilərinin ölkəmizə vacib strateji tərəfdaş kimi baxmalarına gəldikdə, bu, əslinə qalanda Azərbaycanın önəminin, onun daha üstün strateji tərəfdaş olduğunun vurğulanmasıdır. Rusiya sadəcə olaraq, gerçəyi dilə gətirib ki, Güney Qafqazda iş birliyində olacağı dövlət Azərbaycandır. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq özünə hörmət edən, müstəqil siyasət yürüdən, qlobal sahədə öz siyasətində dayanıqlı mövqe sərgiləyən bir ölkədir. Bütün bu amillər də Ermənistanın narahat olmasına səbəb olur”.
BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin fikrincə, Moskvada rəsmilər tərəfindən Azərbaycanla bağlı xoş fikirlərin səslənməsindən Ermənistanın narahat olması onların Rusiyanın dəstəyini itirə biləcəkləri təhlükəsindən qaynaqlanır: “Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı hər zaman Ermənistanı qıcıqlandıran məsələlərdən olub. Moskva ilə Bakı arasındakı münasibətlərinhəm də regional müstəvidə bir sıra platformalarda öz əksini tapdığını da nəzərə alsaq, Ermənistanın narahat olmasının səbəblərini burada da axtarmaq olar. Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda görüşməsi, Şimal-Cənub dəhlizilə bağlı əldə olunmuş razılıq və bu istiqamətdə işlərin görülməsi, Moskvanın da maraq göstərdiyi Bakı-Tiflis-Qars dəmir yolunun işə salınması da işğalçı ölkənin quldur rejimini ciddi şəkildə narahat edib. Rusiya XİN-in sözçüsü Zaxarovanın Azərbaycanla bağlı söylədiyi fikirləri də məhz bu amillərə söykənərək deyib.
Digər tərəfdən, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı ilə yanaşı, Ankara ilə Moskva arasındakı əlaqələrin inkişaf etməsi də İrəvanı narahat edən məsələlərdəndir. Çünki Ermənistan Azərbaycanla Türkiyənin mövqeyinə eyni müstəvidən yanaşır, onları vahid siyasi kursun iştirakçıları kimi qəbul edir. Ərdoğanın son bir neçə ayda 5 dəfə Putinlə görüşü və əlaqələrdə nəzərə çarpan irəliləyiş, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyənin iştirakı məsələsinin reallaşması faktının mətbuatda gündəmə gəlməsi faktları da Ermənistanı ciddi şəkildə təşvişə salan məsələlərdir. Rusiya ilə Azərbaycan, habelə şimal qonşumuzla Türkiyə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdə davam edir. Ermənsitan heç bir halda onun qarşısını almaq gücündə deyil”. (movqe.az-a isttinad edilib)
Xaber.org