Dövlət başçısı NATO baş katibi ilə görüşdü, bu gün isə Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcəyi gözlənilir
Xaber.org Xeberlenti.com-a istinadən bildirir ki, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. İlham Əliyevin və Yens Stoltenberqin görüşü olub. Görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və NATO baş katibi Y.Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və NATO arasında yaxşı əməkdaşlıq tarixi var.
İlham Əliyev qeyd edib ki, Azərbaycan hərbçiləri NATO kontingenti ilə birgə Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə xidmət edir. Azərbaycanın 94 hərbçisi NATO hərbçiləri ilə çiyin-çiyinə Əfqanıstanda sülh və təhlükəsizliyi təmin etmək naminə xidmət edir. Azərbaycan və NATO artıq bir neçə ildir əməkdaşlıq edir, ölkə NATO-nun bir çox sülhməramlı əməliyyatlarında iştirak edir, hazırda isə Azərbaycan “Qətiyyətli dəstək” missiyasına öz töhfəsini verir.
Prezident deyib ki, Azərbaycan həmçinin multimodal tranzit təqdim edir və koalisiya qüvvələrinə öz hava məkanından istifadəyə verir: “Azərbaycan həmçinin Əfqanıstan silahlı qüvvələri üçün məqsədli fonda öz töhfəsini verməkdədir və baş katibinin dediyi kimi, biz sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə daha böyük töhfə vermək üçün Əfqanıstanda kontingentimizin sayını artıracağıq”.
Prezident vurğulayıb ki, Azərbaycan 2004-cü ildən Fərdi Tərəfdaşlıq Planına qoşulub və 4 mərhələni başa vurub, beşinci mərhələ isə hazırda həyata keçirilir.
Yens Stoltenberql isə bildirib ki, NATO Azərbaycana Əfqanıstandakı “Qətiyyətli Dəstək Missiyası”na davamlı dəstəyinə görə minnətdardır. Baş katib qeyd edib: “Bu gün biz uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə hərbi qüvvə, nəqliyyat və maliyyə yardımına görə minnətdarıq”.
NATO baş katibi “Qətiyyətli dəstək missiyası” çərçivəsində Əfqanıstanda sülhməramlıların sayını artırmaq haqqında qərara görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.
Azərbaycan prezidenti noyabrın 23-də həmçinin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.
Noyabrın 24-də isə prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının zirvə toplantısında iştirak edəcəyi bildirilir.
“Şərq Tərəfdaşlığı” sammitinin əsas sənədinin birgə Bəyannamə olacağı gözlənilir.
Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. “Şərq Tərəfdaşlığı” Avropa İttifaqının 6 qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. Avropa İttifaqı ilə saziş üzrə danışıqları Azərbaycan tərəfindən aparan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə bir neçə gün öncə mediaya açıqlamasında deyib ki, çalışsaq gələn il ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında saziş üzrə danışıqları bitirmək olar. Saziş üzrə növbəti görüş noyabrın 27-28-də olacaq.