“Gilavar” – hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.
Xaber.org Milli.Az -a istinadən xəbər verir ki, bu barədə klubdakı mənbə məlumat verib.
B.Hüseynovun polis leytenantı olduğu bildirilir.
“Qafqazinfo” da həmin alpinistlər barədə araşdırma aparıb. Məlum olub ki, bu ilin fevral ayında alpinist Namin Bünyatov iki nəfər həmkarı ilə bərabər “Elbrus” zirvəsini fəth edib.
Fəridə Cəbrayılzadə isə həm də fotoqrafdır. O, ötən il “Atlas Travel” təşkil etdiyi “Qış nağılı” fotomüsabiqəsində birinci yerə çıxıb.
Babur Hüseynov isə ötən il dekabr ayında Şahdağ massivində yerləşən “İlham” zirvəsinə (4042m) dostları ilə birgə yürüş edib. Həmin komanda 4 nəfərdən ibarət olub. Namin Bünyatov da yürüşdə iştirak edib. Şaxtalı hava şəraitinə baxmayaraq onlar zirvəyə çıxmağı bacarıblar.
Xatırladaq ki, dekabrın 26-da Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.
Axtarışlar DSX, FHN, Ekologiya və təbii Sərvətlər Nazirliyi,i və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.
Xaber.org