Tanınmış rejissor, sənədli filmlər ustası Tahir Əliyev 10 il əvvəl oktyabrın bugünündə AzTV-ni tərk etmiş professor Qulu Məhərrəmlinin gedişi ilə bağlı sosial şəbəkələrdə yaydığı statusunda maraqlı nüanslara toxunub. O, tanınmış jurnalistin telekanaldan gedişinin əsl səbəbləri və o dövrdə Q.Məhərrəmli ilə həmrəylik nümayiş etdirərək istefa vermiş 5 əməkdaşın keçirdiyi mətbuat konfransı və bu hadisə ilə bağlı qəzetlərdə getmiş bəzi yazılar barədə məlumat verib. Saytımız həmin əməkdaşlardan birinin – rejissor Abdulqəni Əliyevin “Yeni müsavat” qəzetində dərc olunmuş müsahibəsini əldə edərək, cüzi ixtisarla nəzərinizə çatdırır. * * * “AzTV-dən gedişimiz prinsip və ləyaqət məsələsidir” (ixtisarla) Son bir ildə AzTV-dən müxtəlif səbəblərdən çox adam gedib və bu halların heç biri ciddi rezonans doğurmayıb. Amma sonuncu hadisə – Qulu Məhərrəmlinin AzTV-ni tərk etməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Hərçənd Qulu müəllim çoxlarının gözlədiyi kimi sərt, ifşaedici bəyanatlarla çıxış eləmədi, həmişəki təmkiniylə bu məsələni hadisəyə çevirməməyə çalışdı. Lakin cəmi bir gün sonra onun gedişinə etiraz olaraq, Müəllif proqramları departamentinin daha 5 əməkdaşının kanalda işləməkdən imtina etməsi cəmiyyətdə müəyyən reaksiya doğurdu. AzTV-nin mətbuat xidmətinin bu adamların, guya rəhbərliyin iradəsi ilə “uzaqlaşdırılması” haqqında yalan məlumatı isə sonuncuların mətbuat konfransı keçirib bəzi faktları ictimaiyyətin nəzərinə çatdırmaları ilə nəticələndi. Baş verənlər barədə daha ətraflı məlumat almaq üçün AzTV-nin keçmiş əməkdaşlarından biri – Moskva Kinematoqrafiya İnstitutunun məzunu rejissor Abdülqəni Əliyevə bir neçə sualla müraciət etdik. -Maraqlıdır, əgər əmək müqavilələrinin uzadılmamasının səbəbi “qənaətbəxş sayılmayan iş”dirsə və bu səbəbdən adını çoxdan təsdiqləmiş profesionallar kanaldan uzaqlaşdırılırsa, görəsən, bəs AzTV-də kimlərin işi qənaətbəxş sayılır? -İnanın ki, bu sualı şəxsən mən dəfələrlə proqramları müzakirə eləyən adamlara vermişəm, hamısı çiynini çəkib. Ona görə ki, AzTV-də proqramların dəyərləndirilməsində mənim anlamadığım hansısa başqa meyarlar işləyir. Orada kimlər üçünsə yaxşı şərait yaradılır, kimlərsə, bizim kimi taksiylə – öz puluna çəkilişə gedir, mikrofona öz cibindən batareya alıb, montaj vaxtı çatmayanda yenə öz hesabına prodakşnlara üz tutmalı olurlar. AzTV-də bir neçə çox yaxşı montajçı və operator var. Amma onların heç biri bacarığına uyğun işlə məşğul deyil. Bütün yaradıcı imkanlar konservləşdirilmiş haldadır. Burada rəhbərlik səviyyəsində işbilməzlər və əl-ayağa dolaşanlar çoxdur. Ona görə də biz – həyat yoldaşım Lalə xanımla birgə bu şəraitdə işləyə bilməyəciyimiz qənaətinə gəldik. -Lalə xanım mətbuatda bəyan edib ki, AzTV-dən Qulu Məhərrəmli ilə bağlı hadisəyə görə gedib. -Bu, doğrudan da belədir. Bayaqdan sadaladığım və hələ hamısını demədiyim səbəblərdən bu kanalı çoxdan tərk eləmək istəyirdik. Apreldə Qulu müəllimin Müəllif proqramları departamentinə rəhbər təyin edilməsi bizi bir qədər ümidləndirmişdi. Çox vaxt televiziyada inzibati məsələlərdən başqa heç nəyi bacarmayan adamlar yaradıcı insanla necə rəftar etməyi bilmirlər. Qulu müəllim özü yaradıcı insan olduğu üçün qısa müddətdə departamentə çox maraqlı müəllif və rejisorları topladı. Bu, ümumi sistemsizlikdə müəyyən mənada bir nizam və komanda yaratmaq cəhdi idi. Təəssüf ki, AzTV-dəki mövcud atmosfer, xüsusən rəhbərlik səviyyəsində stimullaşdırılmış konfliktlər və bəsit oyunlar bu komandanın faydalı işləməsinə imkan vermədi. -Sizcə, nəyə görə AzTV rəhbərliyi mətbuata sizin könüllü getməyiniz yox, məhz işdən çıxarılmağınız haqqında məlumat yaydı? -İş ondadır ki, bizim həqiqətən, könüllü getdiyimizi o idarədə iki nəfərdən daha yaxşı bilən yoxdur – sədr Arif Alışanov özü və mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova. Oktyabrın 4-də Qulu müəllimin AzTV-dən getdiyini bilən kimi Lalə X.Qasımovaya burda işləməyin mümkünsüz olduğunu dedi . Cəmi bir neçə saat sonra bizim işdən getməməyimiz üçün canfəşanlıq edən edən X.Qasımovanın vasitəçiliyi ilə sədr A.Alışanov bizi qəbul etdi, şirkətdə qalmağımız üçün daha çox Lalə xanımı dilə tutdu. Sədr bizim layihəni – Qulu müəllimin təşəbbüsü ilə yenilənmiş “Gecəyə doğru” verilişi üçün bizə yaxşı iş şəraiti yaradacağını söylədi. Biz onun dilindən belə vədləri çox eşitmişdik. Olur ki, getmək qərarını verdik. Bəlkə, həqiqətən də bizə normal texniki şərait yaradılacaqdı. Amma bu yaradıcı insana vacib olan əsl yaradıcı şərait olmayacaqdı. Artıq Qulu müəllimin gedişi bizlər üçün AzTV-də gerçək bir boşluq yaratmışdı. -Belə çıxır ki, siz Alışanovun iradəsi əleyhinə getdiyiniz üçün “vəzifənizdən uzaqlaşdırılmısınız”? -Düzü, mən bunlardan belə iftira və riyakarlıq gözləməzdim. Əvvəla, bizim nə vəzifəmiz var idi ki, hələ bir uzaqlaşdırsınlar da. İkincisi, AzTV-də hər kəs gözəl bilir ki, bizim gedişimiz Azərbaycanda televiziya yaradıcılığının inkişafına böyük töhfələr vermiş bir jurnalistlə həmrəylik jestidir. Bu, daha çox mənəviyyat, əxlaq və prinsip məsələsidir. Dayaz adamlar bunu anlamazlar. Sədrlər və ona müticəsinə xidmət edənlər gəldi-gedərdi. Əsl yaradıcı adamlar və prinsiplər isə həmişə yaşayacaq. -AzTV-dən bura ömür sərf eləmiş neçə peşəkar uzaqlaşdı. Deməyinizdən belə çıxır ki, hətta siz cavanlar da bu kanalın perspektivinə inamınızı itirmisiz? -Televiziya saat mexanizmi kimi çalışmalıdı. AzTV isə hələ də köhnə sovet vaxtıyla işləyir. İndi o nəhəng saatın tək bir əqrəbinə zər çəkməklə, hansısa divarını parıldatmaqla onun iş ritmini dəyişmək mümkünsüzdür. Bunun üçün vaxt, istək, ən əsası peşəkarlıq və bacarıq gərəkdir. Vaxtilə “AzTV məktəbdir” deyirdilər. İndi mən sizə bu məktəbdə bir il dərs almış adam kimi tam məsuliyyətlə deyirəm: “Bəli, AzTV bu gün də məktəbdir. Amma çox pis məktəbdir!”. (“Yeni musavat”, 19 oktyabr 2007) Post Views: 1. 072 PAYLAŞIN: Yazı naviqasiyası Nazir bu əməkdaşları işdən çıxardı – Adlar AzTV sədri məhkəməyə verildi