Bu mövsüm Çempionlar Liqasında (ÇL) qrup səddini keçə bilməyən “Atletiko” La Liqada lider “Barselona” ilə xal fərqini 5-ə endirib.

Xaber.org Milli.Az-a istinadən xəbər verir ki, komandanın bu yüksəlişi məhz ÇL-dəki uğursuzluqla əlaqələndirilir.

İspaniyalı həmkarlarımızın fikrincə, “Atletiko”nun ötən il oktyabrın 31-də “Qarabağ”la keçirdiyi qarşılaşmanın nəticəsi komandanı özünə gətirib.

Yerli KİV 1:1 hesabı ilə başa çatan Madriddəki görüşdən sonra “matrasçılar”ın toparlandıqlarını vurğulayıb: “Atletiko” La Liqanın ötən turunda “Leqanes”i (4:0) məğlub edərək, çempionluq uğrunda yarışdan qopmadı. Ümumiyyətlə, bunu Dieqo Simeoneli “Atletiko”nun ən uğurlu dönəmi saymaq olar. “Qarabağ” qarşısında zəif çıxış və uğursuz nəticə komandanı ayıltdı. Həmin vaxtdan bəri Simeonenin yetirmələri ümumilikdə 26 matçın cəmi 2-də məğlub olub (La Liqada “Espanyol”a 0:1, İspaniya Kral Kubokunda “Sevilya”ya 1:3), 21 qələbə, 3 heç-heçə ilə yadda qalıb. Lider “Barselona” ilə xal fərqi artıq 5-ə enib və komanda yenidən çempionluğa ümid etməyə başlayıb. Ağır dönəmdən futbolçuları məharətlə çıxarmağı bacaran Simeonenin bunda əməyi böyükdü”.

Qeyd edək ki, Çempionlar Liqasının qrupunda “Qarabağ”la hər iki matçda heç-heçə edən (1:1) “Atletiko” 3-cü yeri tutaraq, Avropa Liqasına yollanmışdı.

PAYLAŞIN: