Rusiya və İran “məhsul əvəzinə neft” ticarətinə başlayıb.
Xaber.org AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, İran ilə əldə edilən “məhsul əvəzinə neft” razılaşması çərçivəsində ilk çatdırılma noyabr ayında reallaşıb.
A.Novak İrandan 1 milyon barrel neftin digər ölkələrə göndərildiyini söyləyib: “Neft Rusiyaya yox başqa ölkələrə çatdırılır. Rusiya burada bir operator kimidir. Həmin neftin satışından əldə olunan gəlirlərin yarısı İranın Rusiyadan alacağı məhsullar üçün ödənilir”.
“Razılaşmaya əsasən İrandan ildə 5 milyon barrel neft alınması planlaşdırılır. Bu il başqa çatdırılma olmayacaq. Növbəti il isə ümumi həcmin 5 milyon barrel olması nəzərdə tutulur”, – deyə o əlavə edib.
Qeyd edək ki, neftin əvəzinə İran Rusiyadan kompressor avadanlığı, qaz turbinləri, metal, boru, buğda, taxta və ağac məhsulları, dəri və toxuculuq sənayesi üçün maşın və avadanlıqlar alır.
Xaber.org