ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl Bayramı qeyd edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin dəstəyi ilə Azərbaycanın Ticarət və Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə Vaşinqton və ətraf ərazilərdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak edib.
Tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının rəhbəri Süsən Sadıqova qonaqları salamlayaraq təmsil etdiyi qurum adından onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmişdir. Daha sonra çıxış edən diasporumuzun fəal üzvü Həbib Azərsina Dünya Azərbaycanlıların Həmrəylik Gününün tarixçəsinə toxunub, bu bayramın dünyada yaşayan bütün Azərbaycanlılar üçün əziz olduğunu söyləyib, ABŞ-da yaşayan bütün soydaşlarımızın müstəqil Azərbaycanın daha da güclənməsi üçün əlindən gələni etməsini vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov öz çıxışında səfir Elin Süleymanovun təbriklərini qonaqlara çatdırıb, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyanın bir çox regionlarında yaşayan soydaşlarımız üçün inam və ümid mənbəyinə çevrildiyini söyləyib. O, Dünya Azərbaycanlıların Həmrəylik Gününün Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq məfkurəsi əsasında milli birlik və Vətənə məhəbbət simvoluna çevrildiyini vurğulayıb. Daha sonra milli musiqi sədaları altında qonaqlara milli mətbəxi təmsil edən müxtəlif yemək və şirniyyatlar təqdim edilib.
Qeyd edək ki, bu tədbir Vaşinqtonda Azərbaycanlıların həmrəyliyinin təcəssümü olan Ticarət və Mədəniyyət Mərkəzinin inzibati binasında keçirilib. Belə ki, bu bina ötən əsrin 90-cı illərinin sonunda Vaşinqtonda Azərbaycanla bağlı alınmış ilk binadır və burada Ticarət və Mədəniyyət Mərkəzi ilə yanaşı, ABŞ-Azərbaycan Ticarət Palatası və Vaşinqtondakı Azərbaycan məktəbi fəaliyyət göstərir.
Xaber.org