Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 4-də davam edib. Əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak ediblər. Axtarışlara xüsusi təlim keçmiş itlər cəlb olunub.
Xaber.org AZƏRTAC-a istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, axtarış-xilasetmə işləri yüksək dağ massivində çətin meteoroloji şəraitdə aparılır. Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Hazırda burada qar örtüyünün qalınlığı 1-1,5 metr təşkil edir. Qar uçqunlarının olduğu yerlərdə isə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.
FHN təəssüf hissi ilə bildirir ki, axtarış-xilasetmə əməliyyatının gedişini, xüsusilə də mürəkkəb şəraitdə axtarış-xilasetmə tədbirlərini həyata keçirən müvafiq dövlət qurumlarının əməkdaşlarının və könüllülərin fədakar fəaliyyətini işıqlandırmaq əvəzinə, bəzi kütləvi informasiya vasitələri və sosial media istifadəçiləri həqiqəti əks etdirməyən məlumatlar yaymaqda davam edir.
Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edir və yaranmış həssas vəziyyətə anlayışla yanaşmağa çağırır.
Qeyd edək ki, axtarış işləri barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytında (fhn.gov.az) mütəmadi şəkildə dərc olunur.
Xaber.org